REGİONLAR


Bilal Dündar: Festival çox gözəldir, hər kəsin üzündə sevinc, xoş əhval-ruhiyyə görürəm

Göyçay, 4 noyabr, AZƏRTAC

Göyçayda dünəndən başlanan XIII nar festivalı noyabrın 4-də də davam edib. Festival rəngarəngliyi, möhtəşəmliyi ilə iştirakçıların, o cümlədən yerli və xarici turistlərin böyük marağına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nar festivalının sonuncu günü səhər saatlarından Sabir adına parkda yerli musiqiçilər rəngarəng konsert proqramı ilə çıxış ediblər. Burada tamaşaçılara milli folklor nümunələri də təqdim olunub.

Şəhərin mərkəzi prospekt və küçələrində rayonun 25 icra nümayəndəliyində yetişdirilən 15 tondan çox “Gülövşə”, “Vələş”, “Qara gilə”, “Şəndi”, “Şirin”, Bala Mürsəl” və digər nar növlərinin satış-yarmarkası təşkil edilib.

Bayram proqramında müvafiq olaraq festival iştirakçılarına nardança, narşərab və tərkibi narla zəngin olan bişmə məmulatlar təklif edilib. “Qazelli” Şirkətlər qrupunun nardan hazırlanan kosmetik vasitələri, “AzNar” ASC-nin nar məhsullarının satış-müsabiqəsi, narla bağlı əyləncəli müsabiqələr, nar mövzusunda gənc rəssamların əl işlərinin sərgisi və sair festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bayramla əlaqədar ayrı-ayrı turizm şirkətləri tərəfindən Bakıdan Göyçaya endirimli qiymətlərlə təşkil olunan tur-aksiyalar çərçivəsində gələn yüzlərlə yerli və xarici turistlər nar festivalının daha geniş miqyasda təbliği, xalqımızın milli adət və ənənələrə bağlılığı, ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın, insanların həyat tərzinin nümayişi kimi xüsusi önəm kəsb edir.

Türkiyədən gələn Bilal Dündar AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Festival çox gözəldir, hər kəsin üzündə sevinc, xoş əhval-ruhiyyə görürəm. Bu məni çox sevindirir. Qoy qardaş Azərbaycan xalqı həmişə sevinc içində, xoşbəxt yaşasın”.

Festivalın proqramına müvafiq olaraq gün ərzində təyin edilən yerlərdə milli yeməklərin, şirniyyatların, çay və narşərabın, alkoqolsuz içkilərin satışı təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.