MƏDƏNİYYƏT
Bilal Dündar: İzmitdəki Heydər Əliyev Mədəniyyət Evi həmişə böyük ehtiramla ziyarət olunur VİDEO
İzmit, 30 noyabr, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi vilayətdə ehtiramla ziyarət olunan və sevilən məkanlardandır. Buradakı kitabxana Azərbaycan həqiqətlərinin tanıdılması üçün böyük sərvət hesab olunur. “Azərbaycanın səsi” jurnalı Mədəniyyət Evinin davamlı nəşridir.
Bu fikirləri Mədəniyyət Evinin sədri Bilal Dündar AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin kompleks inkişafı, tarixi və mədəniyyəti barədə məlumat almaq istəyən tələbə və müəllimlər, tədqiqatçılar buradakı kitabxanadan bəhrələnirlər.
Bilal Dündar həm də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADF) idarə heyətinin sədridir. Onun rəhbərliyi ilə fəaliyyət göstərən hər iki təşkilat Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük töhfələr verir. Təşkilat Azərbaycanın əlamətdar günləri ilə bağlı mühüm tədbirlər keçirir.
Azərbaycanın və Türkiyənin dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi, QHT-lər arasında dostluq münasibətinin qurulması, Azərbaycan həqiqətlərinin təbliği Heydər Əliyev Mədəniyyət Evi və TADF-in gündəlik fəaliyyətinin əsasıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit