CƏMİYYƏT
Biləcəri qəsəbəsində “Bulaq” restoranının saat 18-dən sonra müştəri qəbul etdiyi aşkarlanıb VİDEO
Bakı, 22 may, AZƏRTAC
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarının tələblərini yerinə yetirməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilən saatdan sonra fəaliyyət göstərdiyi məlum olub.
Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyünün və 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilər qəbul edildiyi müəyyənləşib. Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb. Obyektdə olan 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.
Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimələniblər.