İQTİSADİYYAT
Biləcəri qəsəbəsində Xudadat bəy Məlikaslanov küçəsi təmir olunur
Bakı, 16 iyun, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmini məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində uzunluğu 4,4 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin Xudadat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri təmir olunur. Hazırda isə təmir işləri küçənin 5-ci döngəsində aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra Xudadat bəy Məlikaslanov küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində görüləcək.
Qeyd olunub ki, cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə sözügedən rayonda 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.