CƏMİYYƏT
Biləcəri qəsəbəsində qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan məntəqələr aşkarlanıb
Bakı, 13 iyul, AZƏRTAC
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il iyunun 11-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması sahəsində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Həmin məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir neçə heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirir.
İyulun 12-də keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, Bakı şəhərinin Binəqədi rayonunda Biləcəri qəsəbəsində fiziki şəxs Abdulxalidov Anar Asif oğluna, Binəqədi rayonunun Biləcəri qəsəbəsində M. Aslanov küçəsində fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Babək küçəsində fiziki şəxs Çıraqov Məzahir Yapon oğluna və Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqələrində qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.