REGİONLAR
Biləsuvar, Ağdaş və Goranboyda torpaq kanallar beton üzlüyə alınır VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Biləsuvar, Ağdaş və Goranboyda torpaq kanallar beton üzlüyə alınır, su itkisi minimuma endirilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Cəmiyyətin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Biləsuvar rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır. Cənubi Muğan Kanalından ayrılan bir neçə qoldan biri olan R-1 kanalında işlər sürətlə həyata keçirilir. 2021-ci ildə kanalın 200 metr hissəsi beton üzlüyə alınıb. Ötən ildən başlayaraq 600 metrdən artıq hissənin betonlaşması da aparılır. R-1 kanalı Biləsuvar rayonunda torpaq sahələrinin suvarılmasında önəmli yerə malik olan kanaldır. Su götürmə qabiliyyəti isə saniyədə 7-7,5 kubmetrdir.
Bundan başqa, idarə Goranboy rayonunda yerləşən və uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalında da beton işləri aparır. Kanal başlanğıcını Suqovuşan Su Anbarından götürür. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahillərinə beton üzlük çəkilir. 30 il istifadəsiz qalan kanal vasitəsilə 6300 hektar əkin sahəsi asanlıqla suvarıla biləcək.
Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Ağdaş rayonu ərazisində yerləşən R-2 torpaq məcralı kanal da beton üzlüyə alınaraq fermerlərin istifadəsinə verilib. Kanal Qəribli, Yenikənd və Aşağı Nemətabad kəndlərinə xidmət edir.