CƏMİYYƏT


Biləsuvar rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda rəsm sərgisi keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə mövzu ilə bağlı təşkil olunan müsabiqə çərçivəsində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Qaliblərə rayon polis şöbəsi adından hədiyyə və fəxri fərmanlar təqdim olunub.

Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov çıxış edərək bildirib ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Məhz bu səbəbdən xalqımızın ümummilli lideri Heydər Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq sənəd imzalayıb və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sonrakı illərdə imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları da bu istiqamətdə çox mühüm addımlar hesab edilir və Azərbaycan gəncliyinin sağlam gələcəyinin təmini məqsədini daşıyır. Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt, qətiyyətli mübarizə aparmaqla yanaşı polis əməkdaşları vaxtaşırı gənclər və yeniyetmələr qarşısında maarifləndirmə mövzusunda tədbirlər keçirirlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.