REGİONLAR
Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11 kilometr təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələrinin yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilir. Artıq yolun 3 kilometrlik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 kilometrlik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.
Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10 metr, eni 9 metr və yolun 5-ci kilometrində uzunluğu 20 metr, eni 2,50 metr olmaqla 2 ədəd suötürücü qurğu tikilib.
Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşların istifadəsinə veriləcək.
Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.