CƏMİYYƏT
Biləsuvar və Xaçmaz rayonlarında icazəsiz ova cəhd edənlər saxlanılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar. Onlardan 3 ov tüfəngi götürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimələnib.
Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan ov alətləri və 2 göyərçin götürülüb.
Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyənləşib.
Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.