REGİONLAR
Biləsuvarda 10 min hektardan çox pambıq əkilib
Biləsuvar, 17 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda çiyid səpini başa çatıb. Ötən il 22 min 394 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyyə ilə çalışırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Biləsuvarda 9 min 500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1481 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 10 min 257 hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə tutulduğundan 758 hektar çoxdur. Səpin aparılan sahələrin 4 min 183 hektarı “MKT” MMC-yə, 2 min 551 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 2 min 7 hektarı “P-Aqro”-ya, 1516 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur.
Qabaqcıl pambıqçı Fazil Musayev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim 48 hektar pambıq sahəsinin hər hektarından 50 sentner məhsul götürməklə 240 hektar pambıq tədarük etdim. Bu il isə 70 hektar pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Plantasiyadan bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm”, - deyə pambıqçı bildirib.