REGİONLAR
Biləsuvarda 18 min nəfərdən çox vətəndaş tibbi müayinədən keçirilib
Biləsuvar, 6 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın səhiyyə ocaqlarında qısa müddətdə 18 min 772 nəfər pulsuz tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsini mütəşəkkil başa çatdırmaq üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslar üzrə peşəkar həkimlərdən ibarət briqadaların apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasna şərait yaradır. Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edir. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə maarifləndirmə işləri aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, “Rayonda humanitar aksiya çərçivəsində 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsi tam hazırlıq vəziyyətinə gətirilib. 52 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 2 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla 26 yaşayış məntəqəsindən 72 mindən çox əhalini profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq 51 kollektiv və iki yaşayış məntəqəsində müayinələr başa çatdırılıb.
Müayinədən keçmiş sakinlərdən 372 nəfəri ambulator, 19 nəfər stasionar müalicəyə cəlb olunub, 4 nəfər üzərindən isə cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 25 nəfər isə təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.