REGİONLAR
Biləsuvarda 1 saylı tam orta məktəb üçün tikilən yeni binada son tamamlama işləri görülür VİDEO
Biləsuvar, 7 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta məktəb üçün yeni bina inşa olunur. Tikinti işləri Prezident İlham Əliyevin ötən ilin sentyabr ayında Biləsuvara tarixi səfərindən sonra imzaladığı sərəncama əsasən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, 13 min 400 kvadratmetr ərazidə salınan 4 mərtəbəli tədris müəssisəsi 5 korpusdan ibarətdir. Məktəb binasında 54 sinif otağı, 500 nəfərlik akt zalı, laboratoriyalar, kitabxana, hərbi hazırlıq kabineti, informatika və hesablama texnikası kabineti, 218 yerlik yeməkxana inşa olunub. Tikinti işləri başa çatdıqdan sonra məktəb ərazisində geniş yaşıllıq sahəsi salınacaq.
Tikintidə iş icraçısı Xalid Həsənov görülən işlər barədə məlumat verərək bildirib ki, köhnə bina tədris üçün yararsız olduğundan, Prezident İlham Əliyev rayona səfərindən sonra yeni binanın tikintisi ilə bağlı sərəncam imzalayıb və müvafiq vəsait ayrılıb. Artıq binada son tamamlama işləri görülür. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, elektrik xətləri çəkilir, qapılar quraşdırılır.
Məktəb binası yeni tədris ilində müəllim və şagird kollektivinə dövlət başçısı tərəfindən böyük hədiyyə olacaq.