REGİONLAR
Biləsuvarda 34 min 845 hektar sahədə taxıl biçiləcək VİDEO
Biləsuvar, 12 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Respublikanın iri taxılçılıq rayonlarından olan Biləsuvarda kütləvi biçinə start verilib. Rayon ərazisində biçin kampaniyasının mütəşəkkil aparılması üçün 80-dən çox taxılbiçən kombayn sahələrə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, builki mövsümdə Biləsuvarda 34 min 845 hektar taxıl sahəsinin biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 13 min 726 hektarını buğda, 21 min 119 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini sürətlə davam etdirilir. İlkin olaraq rayonun Nəsimi, Nərimankənd, Aşağı Cürəli, Ağalıkənd, Təzəkənd kəndlərindəki zəmilərin məhsulu yığılır. Arpa sahələrinin hər hektarında orta məhsuldarlıq 31 sentnerdən yuxarı təşkil edir. Bu göstəricinin yaxın günlərdə artacağı proqnozlaşdırılır.
Fermer Teymur Quliyev bildirib ki, ötən il hər hektardan 30-31 sentner məhsul götürmüşdü. Bu il isə biçin yeni başlasa da, məhsuldarlıq qaneedicidir: “Sahələrdən 50 sentner məhsul yığa bilərik. Qonşumuzda biçin başa çatıb və o da hər hektardan 50 sentner taxıl götürüb. Bütün bunlar hamısı dövlətimizin bizə yaratdığı şərait sayəsində olub. Vaxtında subsidiya, gübrə verilir. İstədiyimiz vaxt gedib gübrəni ala bilirik. Yaradılan bu əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Digər fermer Rafiq Əmirov da sahələrdə məhsulun bol olduğunu söyləyib. “Beş hektar torpaq sahəm var. Hazırda əkin-biçin işləri aparıram. Ötən il məhsuldarlıq 20 sentner idi, bu il isə 50 sentner. Qarşıya məqsəd qoymuşam ki, gələn il əkin sahəsini bir az artıram. Qoy taxılımız, məhsulumuz bol olsun”, - deyə o bildirib.
“Aqroservis” ASC-dən verilən məlumata görə, hava şəraiti əlverişli keçərsə, iyunun 18-dək aran və dağətəyi rayonların böyük hissəsində arpa biçini yekunlaşacaq. Bundan sonra kombaynlar dağlıq və şimal rayonlarına dislokasiya olunacaq və həmin ərazilərdə biçin işləri davam etdiriləcək.