REGİONLAR
Biləsuvarda 38 mindən çox rayon sakini kütləvi tibbi müayinədən yararlanıb
Biləsuvar, 8 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın səhiyyə ocaqlarında 38 min 151 nəfər rayon sakini pulsuz kütləvi tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 12-dən mayın 12-dək davam edəcək əhalinin profilaktik tibbi müayinəsini uğurla başa çatdırmaq üçün rayonda bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.
Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edib və mövcud 51 kollektivin üzvlərinin hamısı tibbi müayinədən keçirilib. Müayinələr qəsəbə və kəndlərdə də yüksək fəallıqla davam etdirilir. Artıq 13 kəndə müayinələr başa çatdırılıb. Hazırda 3 yaşayış məntəqəsində əhalinin kütləvi dispanserizasiyası aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, müayinələr 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsində təşkil olunub. 52 həkim və 50 orta tibb işçisindən ibarət 3 daimi, 2 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 72 mindən çox sakinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Bu günədək əhalinin yarıdan çoxu tibbi müayinələrdən keçirilib.
Yoxlanılan sakinlərdən 786 nəfəri ambulator, 61 nəfər stasionar müalicəyə cəlb olunub, 16 nəfərin üzərində isə cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 103 vətəndaş təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.