REGİONLAR
Biləsuvarda 50 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur
Biləsuvar, 10 iyun, Mahir Babayev, AZƏRTAC
Muğan zonasında aqrar sahənin inkişafı üçün ən vacib şərt su-meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Əsasən pambıqçılıq rayonu kimi tanınan Biləsuvarda 50 min hektar əkin sahəsi rayon suvarma sistemləri idarəsi tərəfindən su ilə təmin olunur.
AZƏRTAC xəbər verir ki, hər birinin uzunluğu 62 kilometr olan iki kanal vasitəsilə Araz çayından götürülən su rayon ərazisinə çatdırılır. Biləsuvar Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Tehran Eyvazov AZƏRTAC-a bildirib ki, hazırda gün ərzində əkin sahələrinə saniyədə 16,5 kubmetr su ötürülür. Rayonda əkinəyararlı torpaqların əsasını pambıq sahələri təşkil edir. Çiyid əkini ötən illə müqayisədə bu il 5200 hektar artırılaraq 11 min 200 hektara çatdırılıb. Əkin sahələrində artıq suvarmanın birinci mərhələsi yekunlaşıb. Suvarma mövsümü sentyabrın 15-dək davam edəcək. Bu müddət ərzində, həmçinin günəbaxan, qarğıdalı, şəkər çuğunduru, bostan bitkiləri və digər sahələrin suvarılması da həyata keçiriləcək.