REGİONLAR
Biləsuvarda Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Agentliyin 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrindən biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11 kilometr təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 5 metrdir və IV texniki dərəcəyə uyğun bərpa edilir.
Məlumata əsasən, uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.
Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilib, hazırda yolboyu 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyün döşənməsi son mərhələdə icra olunur.
Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balharı çayı üzərində uzunluğu 10 metr, yolun 5-ci kilometrində isə uzunluğu 20 metr olmaqla inşa edilən 2 suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.
Avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdıracaq.