REGİONLAR


Biləsuvarda Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən avtomobil yoluna asfalt örtük vurulur VİDEO

Biləsuvar, 26 may, İsmayıl Cəfərli, AZƏRTAC

Regionlarda yol infrastrukturunun müasir standartlara uyğun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçısının Sərəncamına uyğun olaraq Biləsuvarın Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən 11 kilometrlik avtomobil yolunun əsaslı tikinti işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Biləsuvarın Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə bərpa olunmayan bu yolun 11 kilometrlik hissəsində dağılmalar və deformasiyalar yaranmışdı. Bu üzdən 3 yaşayış məntəqəsinin 20 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Hazırda yolda əsaslı tikinti işləri davam etdirilir. Torpaq əsaslı və çınqıl örtüklü avtomobil yolu 4-cü texniki dərəcəlidir. Artıq asfaltlanma işlərinə başlanılıb. Yola 2 laydan ibarət asfalt beton örtüyü döşənəcək.

45 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi İsrafil Ağayev bildirib ki, işə fevral ayının axırlarından başlayıblar. Yolun əsası tikilib qurtarıb. “Bünövrəsi olmayan yerləri qazıb çıxarmışıq, iki qat əsas tikmişik. Alt lay 30 santimetr qalınlığındadır, ikinci qat isə 10 santimetrdir. İndi asfalt örtük döşənir”, - deyə o bildirib.

Avtomobil yolunun tikintisi 20 min nəfərdən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Bəydili kənd sakini Mirsahib Zəkiyevlə söhbət zamanı deyib ki, yolun yenidən qurulması yerli əhalinin sevincinə səbəb olub: “Bəydili, Xırmandalı və Əliabad kəndlərinin əhalisi yolun çəkilişi üçün Prezidentimizə təşəkkür edirlər. Bu yol həm əhalinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracaq, həm də kənd təsərrüfatını dirçəldəcək. Bundan başqa, avtomobillərimiz də tez-tez sıradan çıxmayacaq”.

Əliabad kənd sakini Şövqü Ağayev isə bildirib ki, vaxtilə uşaqlar məktəbə gedə bilmirdi. Ancaq bundan sonra bu problem də aradan qalxmış olacaq.

Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin yolboyu təhlükəli yerlərdə beton sədlərin quraşdırılması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.