CƏMİYYƏT
Biləsuvarda Azərbaycan Gəncləri Günü qeyd edilib
Bakı, 31 yanvar, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Biləsuvar rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər evində ümumrayon toplantısı keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Biləsuvar rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov tədbirdə çıxış edərək 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdırıb, bu günün ölkəmizdə geniş qeyd olunduğunu vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncləri ilə tarixi görüşündən başlayan bu gün ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısının əyani sübutudur. Ümummilli lider Heydər Əliyev Azərbaycan Gəncləri Gününü təsis etməklə gənclərin ölkəmizin həyatında vacib rolunu, gənc nəslin Vətənimizin inkişafında xüsusi yerini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirildiyini vurğulayan A.Bağırov bu gün ölkə gənclərinin dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib. Bildirib ki, bunun nəticəsində gənclərimiz sürətlə inkişaf edir, mühüm uğurlar qazanırlar. O, gənclərimizin inkişafında, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasında, beynəlxalq əlaqələrinin inkişafında Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilən Dövlət proqramları və strategiyaların əhəmiyyətini xüsusi vurğulayıb.
Ölkəmizdə gənclər sahəsində əldə olunan uğurların biləsuvarlı gənclərdən də yan keçmədiyini ifadə edən idarə rəisi deyib ki, rayonun 100 min nəfərlik əhalisinin 28 minini gənclər təşkil edir. Rayonda gənclərin vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişmələri, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və s. istiqamətlərində ardıcıl tədbirlər həyata keçirilir.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbik edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan gənclər siyasətinin bu sahədə mühüm uğurların qazanılması ilə nəticələndiyini diqqətə çatdırıb.
“N” saylı hərbi hissənin komandiri Kəramət Zeynalov çıxışında gəncləri təbrik edib, xoş arzularını çatdırıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir musiqili proqramla davam edib.