CƏMİYYƏT
Biləsuvarda “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş veloyürüş keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov veloyürüş iştirakçılarına uğurlar arzulayıb. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə mühüm tarixi uğurlara imza atdığını vurğulayan A.Bağırov onun hüquqi varisi müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin tarixi irsini müvəffəqiyyətlə davam etdirdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə verilən yüksək dəyərin göstəricisidir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirzə Cəfərov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov gənclərə nümunəvi, vətənpərvər vətəndaş kimi yetişməyi tövsiyə ediblər.
Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürüb, Heydər Əliyev prospekti boyunca davam edib.
Veloyürüşdə fərqlənmiş idmançılara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim olunub.