CƏMİYYƏT
Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
Bakı, 28 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına mübarizə apararaq şəhid olan Ehtiram Əliyevin doğum günü ilə əlaqədar Biləsuvar rayonunun Aşağı Cürəli kəndində onun ailəsi ziyarət olunub.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədr müavini Elvin Şirinov bu kənddə şəhidin ata yurdunu ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıblar.
K.Qurbanlı bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhunun şad olduğunu deyib. Bildirib ki, çünki uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Vətən uğrunda rəşadətlə vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Şəhidin qardaşı Samir Əliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.