REGİONLAR


Biləsuvarda Göycə alçası bağı 6 hektara qədər genişləndirilib VİDEO

Biləsuvar, 4 may, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda salınan Göycə alçası bağı bu il 6 hektara qədər genişləndirilib. Bağda müasir suvarma sistemləri tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, pambıqçılıq və taxılçılıq üzrə ixtisaslaşmış rayonlardan olan Biləsuvarda artıq məşhur Göycə alçası da yetişdirilir. Mütəxəssislərin ərazidə apardıqları biokimyəvi analizlərin nəticəsinə uyğun olaraq, bağ üçün ötən ildən rayonun Ağayrı kəndində 6 hektardan çox torpaq sahəsi ayrılıb. İntensiv tipli bağın hər hektarına 660 ting basdırılıb. Təsərrüfat sahibi Qiyas Şahbazovun sözlərinə görə, müasir bağın salınmasında əsas məqsəd suya qənaət etməklə daha çox məhsul götürməkdir. Bundan başqa, fermer bağın salınmasında dövlət dəstəyindən də faydalanıb: “Ötən il biz torpaq analizi, kimyəvi və bioloji analizlərini verdik. Məlum oldu ki, bu torpaqda Göycə əkmək olar. İlk olaraq 4 hektar sahədə alça bağı saldıq, bu il isə 2 hektar da artırdıq. Dövlətin bu sahəyə dəstəyi olduğu üçün sevindik. Suvarma damlama üsulu ilə aparılır. Çalışırıq ki, daha da böyük bağlar salaq”.

Yeni salınan bağın dayanıqlı su təminatı ilə bağlı ərazidə 1500 kubluq iki su hovuzu da inşa olunub. Açıq su hovuzunda su tam durulduqdan sonra gördüyümüz bu daş hovuza ötürülərək, burada zəruri qida elementləri ilə qatışdırıldıqdan sonra damcılı vasitəsi ilə ağacların kökünə ötürülür. Qeyd edək ki, bu dadlı və sulu meyvəyə həmişə tələbat var, bazarda qiyməti yüksək olan bu məhsulun satışından daha çox gəlir əldə edilir. Aqronom Ağarəhim Hüseynzadə deyir ki, bağa yaxın ərazidə arı yeşikləri qoyulub. Yeni tinglərin inkişafında arı ailələrinin rolu böyükdür: “Bu arılar o biri arılar kimi deyil. Bunların ömrü az olur. 30-40 gün ancaq tozlanma, mayalanma və keyfiyyətli meyvə almaq üçün qoymuşuq”.

Təsərrüfat sahibi dövlətin dəstəyindən və bağçılığa ayrılan subsidiyalardan səmərəli yararlanmaqla, qarşıdakı illərdə bağın ərazisini daha da genişləndirməyi planlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.