REGİONLAR


Biləsuvarda Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd edilib

Biləsuvar, 5 noyabr, Mahir Babayev, AZƏRTAC 

Biləsuvardakı Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorlar, ziyalılar və gənc nəslin təmsilçiləri iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında dövlətimizin başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısını diqqətə çatdırıb. Bildirilib ki, M.Müşfiq qısa ömür yaşamasına baxmayaraq, maraqlı, orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Onun sevgi, gözəllik, sədaqət, sosial və mədəni məsələlərə həsr etdiyi şeirləri bu gündə orijinallığı ilə seçilir və böyük oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur.

“Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?” - deyən şair çox çəkmədən sovet imperiyasının repressiya dalğasına tuş gəlir və yaradıcılığının çiçələnən bir dövründə şərlənərək güllələnir. Dünyadan vaxtsız köçməsinə baxmayaraq, şair Azərbaycan xalqının qəlbində yaşayır.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, erkən yaşlarında valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakı Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutunda təhsil alıb, Bakı məktəblərində ədəbiyyat fənnindən dərs deyib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib. Şairin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şerlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanan sənət əsərləridir.

Yubiley tədbiri Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.