REGİONLAR
Biləsuvarda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi davam edir
Biləsuvar, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin icrası uğurla davam edir.
Layihə rəhbəri Firuzə Xammədovanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, rayonun ümumtəhsil məktəblərindən seçilmiş 20-dən artıq dil-ədəbiyyat müəllimi üçün keçirilən onlayn təlimlər yekunlaşıb. Təlimləri təlimçi Bəhruz Nəbili və layihənin eksperti Üzeyir Eyvazov aparıb. Onlar iştirakçılara məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtlarını necə səmərəli keçirmələri barədə məlumatlar veriblər.
Üç gün davam edən təlimlərdə iştirak edən müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər.
Müsabiqə beş mərhələdə həyata keçiriləcək.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Layihənin icrası dekabrın 15-dək davam edəcək.