REGİONLAR
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri, dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Kamil Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib və gələcəkdə də davamlı olmasının vacibliyini vurğulayıb.
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov şəhidlərə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Şəhid atası xüsusilə gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Fond haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktorun müavini Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun hər kəs üçün şəhidlik nümunəsi və fəxarət mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq ordumuzda mənəvi ruh yüksəkliyinin olduğuna bariz nümunədir.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov “Qurani-Kərim”ə görə şəhidlərin yüksək məqama sahib olduğunu, şəhidliyin dərin mənəvi mahiyyət daşıdığını qeyd edib.
İlahiyyatçı ekspert Anar Əliyev bildirib ki, şəhidlik mənəvi dəyər olaraq xalqımız tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə dərin hörmət bəslənilir.
Sonda tədbir iştirakçıları seminar-treninqlə bağlı öz fikirlərini bölüşüb və şəhidlər üçün dualar ediblər.