REGİONLAR
Biləsuvarda altı ayda süni mayalanma yolu ilə 353 baş buzov alınıb
Biləsuvar, 26 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yeniləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1391 baş inək və camışdan 353 baş bala alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzovlara görə mal sahiblərinə 35 min 300 manat subsidiya ödənilib.