REGİONLAR
Biləsuvarda arpa sahələrinin hər hektarından 30 sentner məhsul götürülür
Biləsuvar, 10 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarlı fermerlər taxıl biçinini qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı fermerlər 28 min 613 hektar sahədə taxıl becəriblər. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib.
Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər artıq arpa biçinini başa çatdırmaq üzrədirlər. Fermerlər bu günə kimi 14 min 900 hektar arpa sahəsinin 12 min 956 hektarında biçin aparıblar. Sahələrin hər hektarından orta hesabla 30 sentnerdən çox məhsul götürülüb. Ayrı-ayrı təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Fermer Rüstəm Əzizov becərdiyi 52 hektar taxıl sahəsinin hər hektarından 45 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib.
Qeyd edək ki, Biləsuvarın taxıl sahələrində hazırda 62 taxılyığan kombayn işləyir.