REGİONLAR
Biləsuvarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib
Biləsuvar, 12 mart, Mahir Babayev, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarın Ağayrı kəndində əkin mövsümü başa çatmamış azot gübrəsinin 70 faiz güzəştlə səyyar satışı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı və Astara rayonlarının ardınca növbəti səyyar satış martın 12-də Biləsuvarın Ağayrı kəndində keçirilib.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər.
Biləsuvar rayonunda keçirilən səyyar satış zamanı Ağayrı və ətraf 16 kənd üzrə 57 nəfər səyyar satışdan güzəştli şərtlərlə gübrə əldə ediblər. Səyyar satışda 40,1 ton ammonium nitrat gübrəsi satılıb.
Martın 13-də isə Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.