REGİONLAR
Biləsuvarda bostan sahələrindən 1400 tondan çox məhsul yığılıb
Biləsuvar, 24 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda bostan məhsulları yığımı yekunlaşıb. Məhsul istehsalçıları bostan sahələrindən ilin səkkiz ayı ərzində 1410 ton məhsul toplayıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər bu mövsüm 117 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 61 hektarını qarpız, 42.2 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən sahələrdən gözlənildiyindən də çox məhsul yığılıb. Bostançılar ilin ötən ayları ərzində bostan sahələrindən 802 ton qarpız, 608 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin məhsuldarlığı 131.3, yemiş sahələrininki isə 131.7 sentner olub.