REGİONLAR
Biləsuvarda bugünədək 77 tondan çox pambıq toplanılıb - hədəf 26 min tondur
Biləsuvar, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, Biləsuvarda pambıq yığımına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Biləsuvarda 12 min hektar pambıq əkilib. Ötən il isə bu rəqəm 11 min hektar idi. Mütəxəssislər builki hava şəraitini həm çiyidin vegetasiyası, həm becərmə, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən də Biləsuvarda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib. Artıq bir neçə gündür ki, fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 20-25 ton məhsul yığılır.
Təcrübəli fermer Fazil Musayev bildirib ki, qeyri-neft sektorunun inkişafına dövlət səviyyəsində göstərilən dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq ildən-ilə artır. Onun dediyinə görə, cari ildə hər hektardan orta hesabla 23 sentnerdən çox məhsul yığmaq mümkün olacaq.
İndiyədək rayon üzrə 77 ton 600 kiloqram pambıq yığılaraq qəbul məntəqələrinə göndərilib. Bitkidəki qozaların 30 faizinin açılması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın günlərdə isə sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün ciddi hazırlıq işləri görülüb. 34 ədəd pambıqyığan kombayn və 200-ə yaxın maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 26 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar.