REGİONLAR
Biləsuvarda heyvandarlıq məhsulları istehsalı artır
Biləsuvar, 12 fevral, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən ötən illərdə olduğu kimi, 2020-ci ildə də bu sahədə müsbət nəticələr qazanılıb, mal-qaranın sayı çoxalıb, heyvandarlıq məhsulları istehsalında yaxşı nəticələr əldə olunur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 285 baş iribuynuzlu mal-qara, 135 min 833 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 365 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Yola saldığımız 2020-ci ildə rayonda 7 min 517 ton ət diri çəkidə, 27 min 2020 ton süd, 300 ton yun və 17 milyon 424 min ədəd yumurta istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 739 ton, süd istehsalı 37 ton, yun istehsalı 1 ton, yumurta istehsalı isə 894 min ədəd artıq olub.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində də yaxşı nəticələr qazanılıb. Dövlətin süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara əlavə subsidiyaların verilməsi və bu yolla alınan heyvanların ət və südünün yerli heyvanlardan çox olması fermerlərin bu sahəyə olan marağını daha da artırıb. Bu səbəbdən də hazırda rayonda heyvandarlıq təsərrüfatlarında mövcud olan mal-qaranın 80-85 faizini cins tərkibini yaxşılaşdırılmış heyvanlar təşkil edir.