REGİONLAR
Biləsuvarda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur
Biləsuvar, 8 iyun, Mahir Babayev, AZƏRTAC
Kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Dövlət tərəfindən heyvandarlığın inkişafına hərtərəfli dəstək nəticəsində bu sahədə fəaliyyət göstərən fermerlərin sayı ilbəil artır. Maldarlar istehsaldan əldə etdikləri mənfəət hesabına təsərrüfatlarını genişləndirir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərirlər. Bu da rayonda mal-qaranın baş sayının çoxalmasına, məhsul artımına öz müsbət təsirini göstərir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 385 baş iribuynuzlu mal-qara, 136 min 298 baş qoyun-keçi saxlanılır. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 983 baş çoxdur. Naxırda ana inək və camışların sayı 19 min 525 baş təşkil edir.
Cari ilin 5 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 3 min 71 ton ət (diri çəkidə), 11 min 334 ton süd, 7 milyon 870 min ədəd yumurta və 217 ton yun istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 64 ton, süddən 120 ton, yumurtadan 340 min ədəd, yundan isə 2 ton çoxdur.