REGİONLAR
Biləsuvarda indiyədək 21 min hektardan çox sahədə taxıl əkilib
Biləsuvar, 21 noyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda payızlıq taxıl əkini uğurla davam edir. Səpin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri işi optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı fermerlər ötən ilin payızında 30 min 194 hektar sahədə taxıl əkib və cari ildə zəmilərdən 94 min 222 ton məhsul yığıblar. Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı 31,2 sentner olub. Əkinçilər növbəti təsərrüfat ilində də yüksək məhsuldarlığa nail olmaq üçün səpinə vaxtında başlayıblar. İşin yaxşı təşkili nəticəsində fermerlər qısa müddətdə 21 min 600 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 305 hektar çoxdur. Səpin aparılmış sahələrin 13 min 200 hektarını arpa, 7 min 800 hektarını isə buğda sahəsi təşkil edir.
Bu il Biləsuvarda 30 min hektar sahədə payızlıq taxıl əkini aparmaq planlaşdırılıb.