REGİONLAR
Biləsuvarda karantin qaydalarını pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb
Biləsuvar, 23 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə, o cümlədən ictimai nəqliyyatda bəzi vətəndaşların xüsusi karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı vətəndaşlara lazımi tövsiyələr verilib.
Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən, həmçinin rayon ərazisində təşkil olunan toy şənlikləri zamanı xüsusi karantin rejimi ilə bağlı qayda və tələblərin gözlənilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.