REGİONLAR
Biləsuvarda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib
Biləsuvar, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə məqsədilə xüsusi karantin rejiminin tətbiq olunduğu Biləsuvar rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Təhsil Könüllüləri və ümumtəhsil məktəblərinin texniki heyəti də bu təşəbbüslərə qoşulublar. Onlar əhalinin daha çox istifadə etdiyi yerlərə maarifləndirici stikerlər yapışdırıb, sakinlərə tibbi maska, əlcək və spirt kimi gigiyenik vasitələr paylayıblar.
Sakinlərlə aparılan söhbət zamanı onlara koronavirus infeksiyasından qorunmaq üçün ara məsafəsi saxlanılması və gigiyenik qaydalara riayət etmələri bildirilib, açıq və qapalı yerlərdə tibbi maskalardan istifadənin onların sağlamlıqları üçün məcburi olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə rayon ərazisində gündəlik olaraq qrafik üzrə küçə və prospektlər, səkilər, park və bağların ətrafı, yaşayış binaların həyətləri, girişləri və sakinlərin daha çox istifadə etdiyi digər yerlər kimyəvi vasitələrlə dezinfeksiya edilir.