REGİONLAR
Biləsuvarda koronavirusla mübarizə məqsədilə əhalinin maarifləndirilməsi davam etdirilir
Biləsuvar, 1 aprel, Mahir Babayev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvlərinin iştirakı ilə əhali arasında aparılan maarifləndirmə tədbirləri gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin ayrı-ayrı küçələrində əhali ilə söhbətlər zamanı yaşlı insanlara, birlikdə toplaşaraq gəzən gənclərə və digər sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin vacibliyi bildirilib, yalnız zəruri ehtiyac yaranarsa, qoruyucu vasitələri taxaraq qısa vaxt ərzində çöl işlərinin görülməsi tövsiyə olunub.
Bununla yanaşı, Biləsuvar Rayon Polis Şöbəsinin post-patrul xidmətinin və yol polisinin əməkdaşları binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərini yerinə yetirməyə çağırırlar.
Əhali ilə aparılan söhbətlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar və tibbi spirt paylanılıb.