REGİONLAR
Biləsuvarda müəllimlərin peşəkarlığının artırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb
Biləsuvar, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci Qrant Müsabiqəsi”nin qalibi olmuş "Müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması” layihəsinin icrasına başlanılıb.
Layihənin rəhbəri Mehman Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məqsəd məktəb üzrə müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarını təşkil etməkdir.
M.Əliyev qeyd edib ki, təlimlərdən əvvəl müəyyən olunmuş meyarlar üzrə Azərbaycan dili və ədəbiyyat, həmçinin riyaziyyat fənləri üzrə 2 müəllim, fizika, kimya, biologiya, coğrafiya, tarix və informatika fənlərindən isə 1 müəllim olmaqla, yekunda 10 müəllim seçiləcək.
Müəllimlərin seçimindən sonra onlar üçün təlimlərə start veriləcək.
Təlimlər zamanı layihəyə cəlb ediləcək həm ekspert, həm də təlimçilər üçün Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsi ilə əməkdaşlıq təşkil olunacaq. Bu cür əməkdaşlıq layihənin həm icrasına, həm də təlimlərin təşkilinə müsbət təsirini göstərəcək.
Qeyd olunub ki, təlimin mövzuları fənn üzrə olimpiada suallarının (açıq və qapalı) hazırlanması metodu, müəllimlərin olimpiada mövzuları üzrə araşdırma bacarıqlarının inkişafı, şagirdlərdə fənn üzrə mövzulara uyğun yazı bacarıqlarının formalaşdırılması və distant təhsilin təşkili ilə bağlı bacarıqların inkişaf etdirilməsi olacaq.
Diqqətə çatdırılıb ki, layihənin icrasının növbəti mərhələsində olimpiada dərslərinin təşkili üçün VII, IX, X və XI siniflər üzrə diaqnostik imtahan təşkili olunacaq. Bu imtahan məktəbin müvafiq sinifləri üzrə istedadlı uşaqların üzə çıxmasına kömək edəcək.
Daha sonra olimpiada dərslərinin təşkili 3 ay ərzində məktəbin seçilmiş və təlimatlandırılmış müəllimləri tərəfindən aparılacaq. Üç ay ərzində 8 fənn üzrə 10 müəllim 2 yaş qrupu üçün (64 nəfər) intensiv dərslər təşkil edəcək.
Layihə dekabrın 15-dək davam edəcək.