CƏMİYYƏT


Biləsuvarda otuz gün ərzində 1092 müxtəlif növ partlamamış hərbi sursat və silah aşkarlanıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə sentyabrın 1-dən oktyabrın 2-dək baxış keçiriblər. Otuz gün ərzində aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik və 1 ədəd “Sevidj” markalı tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkarlanıb. 194 min 428 kvadratmetr əraziyə yerüstü və 20 min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Aşkarlanmış partlamamış hərbi sursatlar və odlu silahlar oktyabrın 2-də partlayış yolu ilə zərərsizləşdirilib.

Ərazidə aparılan əməliyyat-axtarış tədbirləri tam başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.