REGİONLAR
Biləsuvarda tədarük olunan pambığın 70 faizindən çoxu maşınlarla yığılıb
Biləsuvar, 23 noyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımı müvəffəqiyyətlə davam edir. Yığıma mütəşəkkil başlayan fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər yığmaq üçün bütün imkanlardan istifadə edirlər.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il biləsuvarlı pambıqçılar 11 min 351 hektar sahədə pambıq əkiblər. Fermerlər bu günədək tarlalardan 22 min 993 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Tədarük olunan pambığın 70 faizindən çoxu maşınlarla yığılıb.
Təcrübəli fermer Fazil Fərəcov AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının aqrar bölmənin inkişafına verdiyi dəstək nəticəsində rayonda pambıq əkininə maraq xeyli artıb. “Digər fermerlər kimi, mən də dövlətin verdiyi güzəştlərdən yararlanaraq əkin sahəsini ilbəil artırıram. Cari ildə 18 hektar sahədə pambıq əkmişəm. Becərdiyim sahədə indiyədək 52 ton məhsul toplayaraq qəbul məntəqəsinə göndərmişəm. Hər hektarın məhsuldarlığı orta hesabla 40 sentner olub. Sahədə hələ məhsul çoxdur. Bundan sonra daha 7-8 ton da məhsul yığa biləcəyəm”, - deyə Fazil Fərəcov qeyd edib.