REGİONLAR
Biləsuvarda ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib
Biləsuvar, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və gənclərin təmsilçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə dahi liderin həyat və fəaliyyətindən, Biləsuvara səfərlərindən bəhs edən fotoşəkil və sənədlərlə tanışlıq olub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev zəngin dövlətçilik təcrübəsinə, fenomenal siyasi bacarığa, böyük istedada malik olan Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib.
Çıxışlarda Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, Ümummilli Liderin təməlini qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır, Azərbaycan yeni zəfərlərə doğru inamla addımlayır.