REGİONLAR


Biləsuvarda ümumi məhsul buraxılışının həcmi 190 milyon manata çatıb

Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyinin tikintisi başa çatmaq üzrədir

Biləsuvar, 10 avqust, Mahir Babayev, AZƏRTAC

Bu ilin altı ayı ərzində Biləsuvarda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 190 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Əsas kapitala yönələn investisiyalar 40 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 148,4 milyon manat təşkil edib, sənaye sahəsində istehsal olunmuş məhsulun həcmi əvvəlki illərlə müqayisədə 50,9 faiz artıb. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1822 manat, orta aylıq əmək haqqı isə 434,1 manat olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktları Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirib.

Bildirilib ki, rayonda tikinti, abadlıq-quruculuq sahələrində aparılan işlər davam etdirilib. Rayonun Xırmandalı kəndində 40 yerlik uşaq bağçası, Muğan kəndində isə 80 yerlik modul tipli ümumi orta məktəb binaları tikilərək istifadəyə verilib, 1176 yerlik Nizami Gəncəvi adına 1 nömrəli şəhər tam orta məktəb, Heydər Əliyev küçəsində 4 mərtəbəli, 48 mənzilli yaşayış binalarının və Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyinin tikintisinə başlanılıb və hazırda işlər tamamlanmaq üzrədir.

Bu dövrdə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi Biləsuvar avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb, yolun hərəkət zolağı genişləndirilməklə iki qat asfalt-beton örtük vurulub, Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş Biləsuvar-Bəhrəmtəpə (56-cı kilometr)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi isə sürətlə davam etdirilib.

Ötən dövr ərzində rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində işlər aparılıb, bir sıra kəndlərdə yeni transformatorlar quraşdırılıb və təmir olunub. 4925 metr SİP kabeli çəkilib,94 ədəd dayaq dəyişdirilib. Hazırda şəhər ərazisində 7,2 kilometr uzunluqda 0,4 kilovoltluq SİP xətlər çəkilir. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin olunub, qaz xətlərində əsaslı və cari təmir işləri aparılıb.

Aqrar sahənin kompleks inkişafından da danışılaraq qeyd edilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatının əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Vurğulanıb ki, Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər bu il 10 min 257.7 hektar sahədə pambıq əkib, yüksək məhsul əldə etmək üçün sahələrdə kompleks aqrotexniki tədbirlər həyata keçiriblər.

Diqqətə çatdırılıb ki, ötən ilin payızında rayonda 13738 hektarı buğda, 16456 hektarı isə arpa olmaqla, ümumilikdə, 30194 hektar payızlıq dənli bitkilər əkilib, sahələrdən 94 min ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı 27.9 sentner olub.

Çıxış edənlər cari ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Prеzidеnt Аdministrаsiyаsının məsul nümayəndəsi Dəyanət Abdullayev hesabat iclasında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb, Biləsuvar rayonunda bu sahədə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verib.

Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.