REGİONLAR
Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb
Biləsuvar, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə “dayanma-durma” qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati qaydada protokollar tərtib edilib. Reyd zamanı, həmçinin aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb.
Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.