Biləsuvarda yol polisləri səhhəti pisləşən sürücüyə kömək ediblər VİDEO
AzerTAg.az

Biləsuvar, 18 avqust, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar şəhərinin Heydər Əliyev prospektində "VAZ 2106" markalı avtomobilin sürücüsü G.Mahmudovun sükan arxasında qəfildən səhhəti pisləşdiyindən o, idarə etdiyi avtomobili yolun kənarında saxlamaq məcburiyyətində qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə xidmət aparan Biləsuvar Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Rauf Əzimov və bölmənin əməkdaşları-polis baş leytenantı Əziz Məmmədov, polis baş serjantları Rəşad Mirzəyev, Elvin Ağayev və polis serjantı Orxan Həsənov avtomobildə köməksiz vəziyyətdə olan sürücünü gördükdə, dərhal hadisə yerinə Təcili Tibbi Yardım və Post Patrul Xidmətinin əməkdaşlarını dəvət ediblər.
Həkimlər gələnə qədər isə yol polisləri sürücüyə ilkin tibbi yardım göstəriblər. Polis əməkdaşlarının köməyi ilə G.Mahmudov təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra sürücünün səhhəti normallaşıb.
G.Mahmudovun yaxınları Biləsuvar Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına xeyirxah hərəkətlərinə görə minnətdarlıqlarını bildiriblər.
Xəbərin mətnində orfoqrafik səhv var