REGİONLAR
Biləsuvarda yonca sahələri 1500 hektaradək artırılıb VİDEO
Biləsuvar, 1 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda bu il 1500 hektar yeni yonca sahələri salınıb. Ümumilikdə isə rayonda 8 min hektara yaxın yonca sahəsi mövcuddur. Hazırda fermerlər yoncanın ilk biçinini həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, may ayının əvvəlindən Biləsuvarda yonca bitkisinin birinci biçininə başlanılıb. Bu mövsüm rayon fermerləri əsasən yoncanın “Ağstafa”, “Aran”, “Abşeron” sortlarına üstünlük veriblər. Yüksək kateqoriyalı torpaqlarda isə yeni məhsuldar sortların əkini də aparılıb.
Ümumilikdə, fermerlər elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə 8000 hektara yaxın sahədə yonca əkini ilə bağlı bəyan bildiriblər.
Mövsümün ilk biçininə başlayan fermerlər hər hektardan 90 sentnerdən yuxarı quru ot toplayacaqlarına ümid edirlər.
Həmsöhbət olduğumuz fermer Mirzəbala Mirzəyev 3 hektar sahədə yonca əkib. Deyir ki, heyvandarlıqla məşğul olduğuna görə, yonca əkini ona sərf edir. “Hazırda sahəmizdə yonca biçini aparılır, biçib yığandan sonra suvaracağıq. Sonra yenidən ikinci və üçüncü biçini ardıcıllıqla aparacağıq. İl ərzində sahələrdən 4 dəfə yonca biçirik, ümumilikdə 600, 700 ot bağlaması götürürük”, - deyə o bildirib.
Mövsüm ərzində ot bağlamalarının alıcılıq qiymətinin qənaətbəxş olması fermerlərin də ürəyincədir.
Digər fermer Ramin Nuriyev qeyd edib ki, ötən il 2 hektar sahədə əkin aparmışdı. Bu il isə həmin sahəni 4 hektar da artırıb: “Qışda ot baha olduğuna görə yonca sahəsini artırmışam ki, daha başqa yerlərdən yem almayım, yem tədarükünü özüm həll edim. Birinci biçin çox məhsuldardır. Hektara 300 bağlama götürə biləcəyəm. Su baxımından problem yaşanmasa, yem tədarükünü öz sahəmdən götürəcəyəm”.
Qeyd edək ki, yonca məhsulunun əkilib-becərilməsi, biçilməsi zamanı dövlət tərəfindən göstərilən güzəştlər, hektara görə ödənilən subsidiyalar biləsuvarlı fermerlərin bu sahəyə marağını ilbəil artırır. Xüsusilə itkisiz, yüksək məhsulun əldə olunması üçün “Vahid sahədə vahid əkin” konsepsiyasına uyğun olaraq, sahələrdə növbəli əkin sisteminin yaradılması üçün tədbirlər görülür.