REGİONLAR
Biləsuvarın bütün yaşayış məntəqələri təbii qazla təmin edilib
Biləsuvar, 16 fevral, Mahir Babayev, AZƏRTAC
2018-ci ildə Biləsuvarda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda əsas kapitala yönələn investisiyalar 71,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 244,3 milyon manat təşkil edib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2369 manat, orta aylıq əməkhaqqı isə 300 manat olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Biləsuvarda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verib.
Bildirilib ki, rayonda tikinti, abadlıq və quruculuq sahəsində aparılan işlər il ərzində davam etdirilib. Biləsuvar şəhərində Bayraq Muzeyinin, Gənclər Mərkəzinin və 20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatıb, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Həmçinin Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının, Muğan kəndində 80 yerlik modul tipli ümumi məktəb binasının tikintisi başa çatıb, 48 mənzilli yaşayış evinin və 1176 yerlik Nizami adına şəhər 1 nömrəli tam orta məktəb üçün yeni binanın isə tikintisi aparılır.
Ötən dövrdə Əsgərabad, Xırmandalı, Ağayrı və Bəydili, Zəhmətabad, Aşağı Cürəli və Səmədabad kəndlərində köhnə elektrik transformatorları yenilənib. Rayon üzrə 543 ədəd yeni beton və metal dayaqlar quraşdırılıb, 18,1 kilometr SİP kabel çəkilib, 73 ədəd transformator təmir olunub. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib, qaz xəttlərində əsaslı və cari təmir işləri aparılıb.
Yığıncaqda aqrar sahənin kompleks inkişafından danışılaraq qeyd edilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən torpaq mülkiyyətçiləri 22 min 700 ton pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 15 milyon manata yaxın gəlir əldə edib. Bundan əlavə, fermerlərə toplanan məhsula görə 2 milyon manatdan artıq subsidiya veriləcək.
Pambıqçılığın inkişafı ilə yanaşı, kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olub. Sahələrdən 45328 ton buğda, 37469 ton arpa, 46175 ton tərəvəz, 1612 ton bostan, 6994 ton kartof, 24723 ton şəkər çuğunduru, 1080 ton günəbaxan, 2263 ton qarğıdalı məhsulu toplanılıb, iribuynuzlu mal-qaranın sayı 40,3 min, qoyun-keçilərin sayı isə 141 min başa çatıb.
Çıxışlardan sonra müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.