REGİONLAR
Biləsuvarın pambıq sahələrində 49 pambıqyığan kombayn işləyəcək
Biləsuvar, 23 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımına başlanılıb. Az vaxtda sahələrdən 250 tondan çox məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib.
Rayon Aqrar Dövlət İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 10 min 61 hektar sahədə pambıq əkilib. Mütəxəssislər builki hava şəraitinin həm çiyidin vegetasiyası, həm becərmə, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən də Biləsuvarda pambıq əkini üçün əlverişli şəraitin olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu mövsüm tarlalarda bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 20-25 ton məhsul yığılır.
Təcrübəli fermer Fazil Musayev bildirib ki, ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq xeyli artırıb. Məhsul istehsalçısının dediyinə görə, cari ildə hər hektardan orta hesabla 30-35 sentnerdən çox pambıq toplamaq mümkün olacaq. Pambıq kollarında qozaların 30 faizinin açılması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın vaxtlarda sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq işləri görülüb. 49 ədəd pambıqyığan kombayn və 300 ədədə yaxın maşın-mexanizmi hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 32-33 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar. Ötən il məhsul istehsalçıları sahələrdən 30 min 700 ton xam pambıq tədarük ediblər.