REGİONLAR
Biləsuvarlı fermer: Biçilmiş sahə yandırılmayıb şum aparılarsa, növbəti əkində məhsuldarlıq da yaxşı olar FOTO
Biləsuvar, 17 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarın geniş taxıl zəmilərində 20 günə yaxındır ki, arpa biçininə başlanılıb. Təsərrüfatçılar bu ilin məhsulu üçün rayonda 35 min 800 hektar sahədə yerli iqlim şəraitinə uyğunlaşdırılmış məhsuldar taxıl sortları yetişdiriblər.
AZƏRTAC xəbər verir ki, hazırda tələbata uyğun keyfiyyətli məsul istehsalı və kənd təsərrüfatının inkişafı ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələlərdən biridir. Biləsuvar rayonunda da taxıl əkini sahələri xeyli genişləndirilib. Bu ilin məhsulu üçün rayon fermerləri və iri təsərrüfat sahibləri 26 min 100 hektar sahədə arpa, 9700 hektar sahədə isə yerli iqlim şəraitinə uyğun keyfiyyətli buğda yetişdiriblər.
Hazırda biçin aparılan sahələrdə şum işləri görülür. Biçindən sonra aparılan şumun üstünlüklərindən danışan aqronom Şəfa Şahverdiyev bildirib ki, samanın doğranaraq şum altına verilməsi torpağın münbitləşməsinə gətirib çıxarır: “Gördüyünüz kimi, sahədə qalan çox xırda doğranmış samanı şum altına əlavə edirik. Paralel olaraq biçin də aparılır. Tövsiyə edirəm ki, hər kəs biçindən sonra sahəni yandırmaqdansa, şum aparsın. Bunun çox böyük üstünlüyü var. Torpağın strukturu, bitkinin inkişafı yaxşı olur. Yəni, növbəti əkinin məhsuldarlığının təməli atılır”.
Bu rayon üzrə 74 kombayn biçinə cəlb olunub. Ərazi üzrə dislokasiya olunan kombaynların 35-i “Aqroservis” ASC–yə məxsusdur. Yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı taxıl zəmilərində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupu xidmət aparır.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili üzrə baş məsləhətçi Rəşadət Əsgərov qeyd edib ki, sahələrin yandırılmaması üçün mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq fermerlərlə maarifləndirici görüşlər keçirilir, onlar təlimlərə cəlb olunurlar. Görüşlərdə fermerlərə sahənin biçildikdən sonra yandırılmasının zərərləri barədə məlumat verilir. “Torpağın tərkibində humus qatı var, taxıl zəmisi biçildikdən sonra yandırıldıqda həmin təbəqə məhv olur. Hansı ki, humus qatı bitkinin inkişafında, məhsuldarlığında mühüm rol oynayır. Onun bərpasına 100 illər lazımdır”, - deyə R.Əsgərov əlavə edib.
Qeyd edək ki, bu günədək rayon üzrə 11 min hektara yaxın sahədə arpa, 200 hektara qədər sahədə buğda biçini başa çatıb. Arpa sahələrində orta məhsuldarlıq 30,1 sentner, buğdada isə 31,5 sentner təşkil edir.