REGİONLAR
Biləsuvarlı fermerlərin su problemi həll olunur VİDEO
Biləsuvar, 12 avqust, AZƏRTAC
Biləsuvar rayonunun Ağalıkənd sakinlərinin suvarma suyunda olan çətinlikləri aradan qalxıb.
AZƏRTAC xəbər verir ki, belə problemlə qarşılaşanlardan biri də Bəxtiyar Mustafayevdir. O, bir müddət əvvəl əkin sahələrinin suvarılmasında müəyyən çətinliklə üzləşdiyini deyir. Təsərrüfat sahibinin sözlərinə görə, min bir zəhmət hesabına becərdiyi əkin sahəsi susuzluqdan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin dövlət başçısına müraciətindən sonra məsələ öz həllini tapıb.
Bəxtiyar Mustafayev 19 hektar sahədə əkinlə məşğuldur. Onun da 8 hektarı yazlıq, 11 hektarı payızlıq əkindir: “Payızlıq əkini suvara bilmədim, yazlıq əkini isə bir dəfə suvardım. Sonra Prezidentə müraciət etdik, yerli qurumlara məlumat verildi. Müraciətimiz araşdırıldı və öz müsbət həllini tapdı”.
Eyni çətinliyi Rəhim Dadaşov da yaşayıb. Beş hektar torpağın dörd hektarında buğda əkən fermerin də problemi həll olunub. Kənd sakinləri müraciətlərinin həllinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəsmisi Famil Əhmədov mövcud çətinlikləri magistral kanallarda suyun səviyyəsinin ötən illə müqayisədə aşağı düşməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, su probleminin yaranması Cənub Əzizbəyov kanalında suyun az olması səbəbindən yaranıb. Amma buna baxmayaraq, fermerlər növbəli şəkildə suvarma ilə təmin ediləcək.