CƏMİYYƏT


Biləsuvarlı gənclər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini ehtiramla anıblar

Bakı, 5 fevral, AZƏRTAC

Biləsuvar rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər Evində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş anım tədbiri və “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbir qəhrəman Mübariz İbrahimovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və videofilmin nümayişi ilə başlayıb.

Tədbirdə Biləsuvar rayon gənclər və idman idarəsinin əməkdaşı Mülazim Rzayev Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb. Bildirib ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən uğrunda fəda etməsi ilə özündən sonra böyük qəhrəmanlıq məktəbi qoydu. İndi hər bir azərbaycanlı onunla fəxr edir. Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Talış-Borsunlu istiqamətində düşmənin qərargahına girərək, əsl cəngavər kimi beş saat təkbaşına döyüşüb. Ermənilər əvvəlcə elə zənn ediblər ki, onlara qarşı Azərbaycan Ordusunun bütöv bir hərbi birləşməsi hücuma keçib. Gecənin qaranlığında çaş-baş qalan düşmən Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində ağır itkilər verib. Düşmən bir neçə saat davam edən döyüşə əlavə qüvvə cəlb edib. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olub. Onun nəşi düşməndən alınaraq, 2010-cu il noyabrın 7-də dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gənclər çıxışlarında Mübariz İbrahimovun misilsiz qəhrəmanlığının onların hər biri üçün əsl vətənpərvərlik və cəsarət nümunəsi olduğunu bildiriblər.

Sonra “Nə? Harada? Nə zaman” bilik yarışına start verilib. Doqquz komandanın mübarizə apardığı yarışda Biləsuvar şəhər 4 saylı tam orta məktəbin “Everest”, Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin “Mübarizlər” və Aşağı Cürəli kənd tam orta məktəbinin “13” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Qaliblər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.