REGİONLAR
Biləsuvarlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini dərin minnətdarlıq hissi ilə anırlar
Biləsuvar, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşəbbüsü ilə “Heydər Əliyev hər zaman qəlbimizdə” adlı anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Anar Xammədov, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə, könüllülər və rayon gəncləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, əbədiyaşar liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümid bəsləyib. Bu gün hər bir gəncimizin bəhrələndiyi dövlət gənclər siyasətinin əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Sevindirici haldır ki, bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün ölkə gəncləri üçün hər cür şərait yaradılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməzliyi tam təmin edilib. Dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaşımız tərəfindən minnətdarlıqla anılır.
Tədbirdə ulu öndər Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub, gənclərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Biləsuvar Heydər Əliyev Mərkəzinin kollektivi və rayonun fəal gənclərinin bir qrupu Bakıda Fəxri xiyabana gələrək Ulu Öndərin abidəsini ziyarət edib, məzarı önünə əkil və gül dəstələri qoyub.