REGİONLAR


Biləsuvarlı pambıqçı: İkinci yığımdan sonra məhsuldarlıq 50-55 sentnerə çatacaq

Biləsuvar, 13 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda pambıq yığımı kampaniyasına 5 mindən çox işçi qüvvəsi, 36 ən müasir pambıqyığan kombayn və kifayət qədər maşın-mexanizm cəlb olunub. Gün ərzində sahələrdən 550-600 ton xam pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Yığılan məhsulun 450 tonu maşınların köməyi ilə tədarük olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 12 min hektar sahədə pambıq becərilib. Ötən il plantasiyalardan 24 min tondan çox məhsul toplayan əkinçilər cari təsərrüfat ilində də yüksək nailiyyətlər qazanmaq üçün var qüvvə ilə çalışırlar. Dövlətimizin başçısı tərəfindən hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılması hədəf kimi qarşıya qoyulub. Məhsul istehsalçıları becərmə dövründə intensiv amillərdən istifadə ediblər və nəticədə sahələrdə bol məhsul yetişib. Pambıq toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri indiyə kimi sahələrdən 8 min 264 ton ağ qızıl yığıblar.

On beş ildən çoxdur ki, pambıqçılıqla məşğul olan fermer Anar Abbasov rayonun qabaqcıl pambıq ustalarındandır. Pambıq əkini ilə məşğul olduğu illərdə yaxşı təcrübə toplayan sahibkar ötən il becərdiyi 32 hektar əkin sahəsindən 188 ton məhsul toplayaraq hər hektarın məhsuldarlığını 58,7 sentnerə çatdırıb. Fermerin pambıq sahəsində bu il də pambıq çoxdur.

“Artıq birinci yığımı başa çatdırmışam. Əkdiyim 26 hektar pambıq sahəsinin hər hektarından ilk yığımda 40 sentner məhsul götürməklə 91 ton pambıq toplamışam. Hələ sahədə məhsul çoxdur. Əminəm ki, ikinci yığımdan sonra məhsuldarlıq 50-55 sentnerə çatacaq”, - deyə fermer bildirib.

Məhsul istehsalçısı onu da qeyd etdi ki, pambığı “Aqrolizinq” ASC-nin ölkəyə gətirdiyi və fermerlərə güzəştli şərtlərlə təklif etdiyi “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları ilə yığır. Fermerin sözlərinə görə, yeni kombaynlar əvvəl istifadə etdikləri maşınlarla müqayisədə asan idarə edilməsi və yüksək məhsuldarlığı ilə seçilir. Bu texnika vasitəsilə məhsulu daha tez və itkisiz yığmaq olur.

Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 30 min tondan çox məhsul götürməyi qarşıya məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.